Macarıstan Rusiya qazı ilə bağlı Aİ-ni tənqid edib
Bakı, 19 sentyabr, AZƏRTAC
Macarıstanın enerji təhlükəsizliyinə cavabdeh rəsmisi dənizə çıxışı olmayan kiçik ölkələrə Rusiya təbii qazından asılılığı azaltmağa kömək edəcək səviyyədə dəstək vermədiyinə görə Avropa İttifaqını (Aİ) tənqid edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Macarıstanın enerji təhlükəsizliyinə cavabdeh olan Xarici İşlər və Ticarət Nazirliyi dövlət katibinin müavini Csaba Marosvari çərşənbə günü, sentyabrın 18-də Hyustonda keçirilən “Gastech” konfransında bu məsələni gündəmə gətirib. O qeyd edib ki, Macarıstan da daxil olmaqla, dənizə çıxışı olmayan kiçik dövlətlərin Rusiya təbii qazından asılılığını azaltmaq üçün daha çox vəsaitə ehtiyacı var.
Macarıstan təbii qaza olan tələbatının təxminən üçdə ikisini Rusiyadan idxal hesabına təmin edir. Amma Moskvanın 2022-ci ildə Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Rusiya enerjisindən asılılığı daha tez azaltmaqla bağlı Macarıstana və onunla qonşu olan bəzi ölkələrə təzyiqlər artır.
Marosvari bildirib: “Regionumuzda kiçik ölkələr, kiçik bazarlar və bir neçə mühüm bazar iştirakçısı var. Kapital çatışmazlığı da mövcuddur, belə ki, bu sahədə infrastruktur və darboğazların aradan qaldırılması layihələri yüz milyonlarla avroya başa gələ bilər. Bunu yanacaq bazarı baxımından reallaşdırmaq mümkün deyil”.
Macarıstan rəsmisi bildirib ki, Avropa Komissiyasının mədən yanacaqlarından asılılığa son qoymaq üçün yaşıl enerji layihələrinin maliyyələşdirilməsinə diqqət yetirməsi maliyyə baxımından bəzi ölkələri kənarda qoyub.