Macarıstanda risklərlə müşayiət olunan iqtisadi bum yaşanır
Budapeşt, 25 fevral, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Macarıstan iqtisadiyyatı barədə yeni hesabat dərc edib.
AZƏRTAC həmin hesabata istinadla xəbər verir ki, yaxşı proqnozlara baxmayaraq, ölkədə əmək bazarı və regional qeyri-bərabərlik mühüm risk amilləri kimi qalmaqdadır. Qeyd olunur ki, ixtisasartırma, mobillik və regional artımın möhkəmləndirilməsi əsas inkişaf vasitələridir.
İƏİT qeyd edir ki, ölkədə nəzərəçarpacaq dərəcədə regional fərqlər mövcuddur. Budapeşt əhəmiyyətli aqlomerasiyadan qazanır, Macarıstanın qərbi və mərkəzi hissələri xarici investisiyalar üçün əsas obyektlər olduğu halda, ölkənin digər hissələri geridə qalır. Tədqiqat müəllifləri bu problemin həlli üçün yerli hakimiyyət orqanlarına ölkə iqtisadiyyatına faydalı olan layihələrin icrasında, habelə yerli bazarın tələbatına cavab verən peşəkar təhsilin, hazırlığın, kurs və təlim proqramlarının yaxşılaşdırılmasında böyük sərbəstlik verilməsini təklif edir.
“Macarıstan iqtisadiyyatı görünməmiş dərəcədə məşğulluq səviyyəsi ilə, işsizliyin ən aşağı həddi və əməkhaqqının çox tutarlı artımı ilə sürətli templərlə inkişaf edir ki, bu da tələbatın artmasına səbəb olur. Macarıstanda xüsusən regionlar arasında artan qeyri-bərabərlik nəzərə alınarsa, bu gözəl fəaliyyət risklərdən sığortalanmayıb”, - deyə İƏİT-in iqtisadi departamentinin ölkə tədqiqatları üzrə direktoru Alvaro Pereyra bildirib.