DÜNYA
Macarıstanda romalı həkimin qəbirində unikal tibbi dəst aşkarlayıblar
![Macarıstanda romalı həkimin qəbirində unikal tibbi dəst aşkarlayıblar](/files/2023/1/1200x630/16827060831715437579_1200x630.jpg)
Bakı, 29 aprel, AZƏRTAC
Alimlər Macarıstanda bu yaxınlarda aşkarlanan nadir tibbi alətlərdən və dərman qalıqlarından ibarət tapıntıdan heyrətləniblər.
Çox maraq doğuran tibbi ləvazimatlar kolleksiyasını arxeoloqlar Macarıstanın Yaşaq regionundakı Roma qəbiristanlığında aşkarlayıblar.
AZƏRTAC xəbər verir ki, “HeritageDaily” nəşrinin məlumatına görə, maqnitometrin köməyi ilə ilkin tədqiqat yer səthi altındakı xüsusiyyətləri aşkara çıxardıqdan sonra qazıntılar Eetveş Lorand Universitetindən və Eetveş Lorand Tədqiqat Şəbəkəsindən olan komanda tərəfindən aparılıb.
Bu tədqiqatlar nəticəsində Avar dövrünün qəbiristanlığı və radiokarbon analizindən sonra eramızın birinci əsrinə aid edilən bir neçə metal alətlərin saxlandığı çox dərin olmayan qəbir aşkarlanıb. Bu, qəbiri müasir Macarıstanın bir hissəsinin Romanın Pannoniya əyalətinin tərkibinə daxil edildiyi keçid dövrünə aid etməyə imkan verir.
Metal alətlərin sonrakı tədqiqi göstərib ki, onlar Roma mənşəli olublar və romalı həkimin qəbirində iki taxta yeşiyə səliqə ilə qoyulublar. Tibbi alətlər arasında kəlbətinlər, iynələr, maqqaş və əvəzləyici ülgücləri olan nəfis şəkildə bəzədilmiş mis xəlitəli neştərlər (cərrah bıçağı) olub.
Məzarlıqda dərman vasitələrinin qalıqları ilə yanaşı bülöv daşı da tapılıb. Bu daşdan dərman otlarının qarışdırılması üçün istifadə edilməsi ehtimal olunur. Skeletin analizi göstərib ki, həkim 50-60 yaş arası kişi olub, lakin onun ölüm səbəbi hələ ki, məlum deyil, çünki sümüklərdə zədə və xəstəlik əlamətləri aşkarlanmayıb. Komanda həmin şəxsin yerli olmasını müəyyən etməkdən ötrü skeletin izotop analizini aparmaq niyyətindədir.
Tədqiqatçılar qeyd ediblər ki, bu tapıntı Qədim Roma İmperiyasının tibbi təcrübəsinə çox maraqlı görünüş verir və keçmiş barədə öyrənəcəklərimizin hələ xeyli olduğunu vurğulayır.