Macarıstanın Baş nazirinin dəftərxana rəhbəri Brüsseli tənqid edib
Budapeşt, 21 sentyabr, AZƏRTAC
“Avropa İttifaqı Macarıstana cərimə tətbiq etməklə xarici sərhədlərinin qorunması əleyhinə və qeyri-qanuni mühacirlərin qəbul edilməsi lehinə qərar qəbul edib. Macarıstan hökuməti bu cəriməni ödəmək niyyətində deyil”.
AZƏRTAC xəbər verir ki, bu barədə bu gün Macarıstanın Baş nazirinin dəftərxana rəhbəri Gergey Quyas bildirib.
“Brüssel Aİ-nin xarici sərhədlərinin müdafiəsinə qarşı müharibə elan edib”, - deyə o, Avstriya Azadlıq Partiyasının (FPÖ) orqanı olan “Neue Freie Zeitung” qəzetinə müsahibəsində bildirib.
Quyaş vurğulayıb ki, Macarıstan eyni zamanda Şengen zonasının xarici sərhədi olan cənub sərhədinin qorunmasını, milli təhlükəsizlik sahəsində ən mühüm vəzifə hesab edir. Onun sözlərinə görə, xarici sərhədlərin qorunması yalnız o halda məna kəsb edir ki, Avropaya yalnız həqiqi qaçqınlar buraxılsın və kiminsə “qaçqın” olduğunu iddia etməsi faktı özü-özlüyündə onun Macarıstana və ya Avropaya “biletinin” olması demək deyil.
Quyaş xatırladıb ki, məhz buna görə də Macarıstan 2015-ci ildə “U formalı” adlanan tranzit zonaları yaradıb.
Qaçqın statusu almaq üçün müraciət edən hər kəs sərhəddə qəbul edilir, hər kəsin sərhəddə həmin şəxsin “qaçqın” anlayışı meyarlarına cavab verib-verilmədiyi yoxlanılır, lakin o, ona qaçqın statusunun yalnız qəti surətdə verildiyi halda Macarıstana giriş edə bilər.
“Bütün bu müddət ərzində Macarıstan sərhədində sığınacağın verilməsi ilə bağlı minlərlə müraciət edilib, lakin onların yalnız bir neçə faizi real status alıb. Lakin Brüssel Macarıstanı məhkəməyə verərək xarici sərhədlərin qorunmasına qarşı müharibə elan edib və Lüksemburqdakı Avropa Məhkəməsi, Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin Macarıstan təcrübəsinin qanuni olduğuna dair qərarına baxmayaraq, bu təcrübənin guya qeyri-qanuni olduğuna dair qərar qəbul edib", - deyə siyasətçi vurğulayıb.
Quyaş həmçinin bildirib ki, Macarıstan bu yaxınlarda milli qanunvericiliyə dəyişiklik edib və Serbiyanın hazırda Aİ-yə namizəd ölkə və kifayət qədər təhlükəsiz dövlət olduğundan, bundan sonra Macarıstanın Belqraddakı səfirliyinə sığınacaqla bağlı müraciət etmək mümkündür. Artıq bunun üçün xaricə getməyə ehtiyac yoxdur.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt