İDMAN
Macarıstanlı idmançı: "Bakı-2015" karyeramda yeni səhifə açdı
![Macarıstanlı idmançı:](/files/2015/2/1200x630/14345140136235051246_1200x630.jpg)
Bakı, 17 iyun, Rəşad İsmayılov, AZƏRTAC
Belə bir möhtəşəm idman tədbiri təşkil etdiyinə görə Azərbaycan xalqına və dövlətinə, əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Məni ən çox həyəcanlandıran azərbaycanlıların idmana marağı və yarış atmosferi oldu.
Bu sözləri ilk Avropa Oyunlarının qızıl medalçılarından olan macarıstanlı idmançı Emese Barka AZƏRTAC-a müsahibəsində deyib.
Qadınlar arasında sərbəst güləş üzrə birinci olan Emese Barka (58 kq) qeyd edib ki, bu, onun karyerasında ilk qızıl medaldır. "Mən daha əvvəl dünya və Avropa çempionatlarında bürünc medala layiq görülmüşəm. Amma finala çıxmaq və çempion olmaq mənə məhz Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında nəsib oldu. "Bakı-2015" karyeramda yeni səhifə açdı. Buna görə sizin ölkəni heç vaxt unutmayacağam",-deyə macarıstanlı idmançı bildirib.
Emese Barka deyib: “Gələcəkdə əsas hədəfim "Rio-2016"-da lisenziya qazanmaqdır. Ümid edirəm ki, ilk Avropa Oyunları mənə düşərli olacaq və gələcəkdə daha çox qızıl medallar qazanacağam.”