Mahir Məmmədov FIDE-nin Teymur Rəcəbovun iddiaçılar turnirində iştirakına dair qərarını şərh edib
Bakı, 25 may, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Azərbaycan şahmatçısı Teymur Rəcəbovun 2022-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirakı ilə bağlı qərarı Azərbaycana münasibətin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun 2022-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirakı ilə bağlı verilən qərarı şərh edərkən bildirib. O deyib ki, Teymur Rəcəbov pandemiyanın ən gərgin zamanında iddiaçılar turnirində iştirak edə bilmədi. Sonradan isə turnir yarımçıq dayandırıldı.
Vitse-prezident bu məsələnin uzun müddət müzakirə edildiyini, gərgin müzakirələrin şahidi olduqlarını da vurğulayıb. Şahmatçımızın hüquqlarını qorumaq, onun dünya kubokunda qələbəsi ilə əldə etdiyi iddiaçılar turnirində iştirak hüququnu təmin etmək üçün çalışdıqlarını vurğulayan M.Məmmədov deyib: “FIDE rəhbərliyi səviyyəsində açıq müzakirələr keçirildi. Sonda əksəriyyət Teymurun 2022-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirakını dəstəklədi. FIDE təşkilatçı ölkəyə verilən “vayld kart” - xüsusi dəvəti Teymura təqdim etdi. Gərgin müzakirələrdə FIDE prezidenti Arkadi Dvorkoviç bizi tək qoymadı. A.Dvorkoviçin daim mənimlə ünsiyyətdə olmasını və Azərbaycanın mövqeyini dəstəkləməsini qeyd etməyə bilmərəm”.
M.Məmmədov bildirib ki, ali şahmat qurumunun qərarı Azərbaycanın şahmat dünyasındakı nüfuzunu göstərir. FIDE daim Azərbaycanda şahmata göstərilən qayğını dünya ölkələrinə nümunə göstərib. Azərbaycan Prezidenti İlham Əliyev həmişə şahmata xüsusi diqqət göstərib. Teymur bu ilin əvvəlində çempionlar turnirində qələbə qazanandan sonra dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ona təbrik məktubu göndərdilər. Ölkəmiz mötəbər şahmat yarışlarına daim yüksək səviyyədə təşkilatçılıq edib. Teymur Rəcəbovun hüququnun bərpasında bu amillər xüsusi rol oynadı. Şahmat dünyası Azərbaycanın idman aləmində böyük qüdrətini nəzərə alaraq bu addımı atdı. Teymurla bağlı qərar Azərbaycana münasibətin göstəricisidir. İnanırıq ki, şahmatçımız mötəbər yarışa yaxşı hazırlaşacaq, turnirdə layiqincə çıxış edəcək.