Makron Fransanın Ruandada törədilən soyqırımına görə məsuliyyətini etiraf edib
Bakı, 27 may, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron 1994-cü ildə Ruandada törədilən genosidə görə ölkəsinin məsuliyyətini ilk dəfə etiraf edib.
AZƏRTAC France 24 telekanalına istinadla xəbər verir ki, Emmanuel Makron bu barədə Ruandaya səfəri zamanı soyqırımı qurbanlarının xatirə Mərkəzində çıxışı zamanı bildirib.
“Fransa öz rolunu oynayıb və Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıyır. Parisin həm də tarixlə üz-üzə gəlmək və uzun müddət susqun qalaraq Ruanda xalqına əzab verdiyini etiraf etmək kimi borcu var... Fransa regional münaqişənin və ya vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən faktiki olaraq soyqırımı rejiminin tərəfində dayandığını anlamayıb”, - deyə Emmanuel Makron qeyd edib.
Onun sözlərinə görə, Paris regional münaqişənin və ya vətəndaş müharibəsinin qarşısını almağa cəhd göstərsə də, kütləvi qətlləri təşkil edən rejimin tərəfini tutub. Emmanuel Makron, həmçinin Ruanda xalqından üzr istəyib.
Aprelin 7-də Fransa 800 min insanın ölümü ilə nəticələnən Ruanda soyqırımı ilə bağlı arxiv sənədlərini açıb. İstintaq komitəsinin min səhifəlik hesabatının müəllifləri Fransanın Ruandada soyqırımı hazırlığına göz yumduğu qənaətinə gəliblər.
Qeyd edək ki, 1994-cü ildə Ruandada naməlum şəxslər ölkə prezidenti Jüvenal Habiarimana və qonşu Burundinin dövlət başçısı Siprien Ntaryamiranın uçduğu təyyarəni vurublar. Prezidentlərin ölümünü bəhanə edən Hutu etnosu Ruandada hakimiyyəti ələ keçirərək sayca az olan Tutsi etnik qrupuna və Hutu siyasətçilərinə qarşı soyqırımı həyata keçirib. Nəticədə 1994-cü ilin aprelindən iyun ayına qədər ölkədə Tutsi etnosunun əksəriyyəti, eyni zamanda Hutu, Tva və digər xalqların 800 min nümayəndəsi qətlə yetirilib.