Maks Ferstappen: Mən Bakıda heç vaxt podiuma qalxmamışam
Bakı, 31 may, AZƏRTAC
Maks Ferstappen Azərbaycan Qran-Prisindən əvvəl verdiyi müsahibəsində Monakodakı qələbəsini xatırladaraq, Bakı şəhər halqasında öz bolidindən nələr gözləməsi barədə söhbət açıb.
AZƏRTAC müsahibəni təqdim edir.
-Monakodakı yürüşdə qalib gəlmək və karyeranda ilk dəfə olaraq Formula 1-in şəxsi hesabında liderlik etmək necə hisslərdir?
-Biz çox yaxşı həftəsonu keçirdik.
Nəzərə alsaq ki, mən daha əvvəl Monakoda podiuma qalxmamışam, bu qələbə çox xoş idi. Çempionatda liderlik etmək əladır, lakin mövsümün final yürüşündən sonra irəlidə olmaq çox mühümdür - yalnız bu, əhəmiyyət kəsb edir.
Komanda yaxşı formadadır və belə nəticələr mövsümə əla başlamağımızı nümayiş etdirir. Bununla belə, hücuma keçməyi davam etdirmək, sürəti artırmaq və daha yaxşı olmaq lazımdır. Formula 1-də ideal olmaq mümkün deyil, çünki burada heç kəs bir yerdə durmur.
Biz indiyədək kiçik səhvlər buraxmışıq, lakin bunlar o qədər də ciddi deyil. Məhz buna görə biz liderlik edirik, amma bunu da bilirik ki, vəziyyətin çox tez dəyişməsi mümkündür.
-Qələbədən savayı, Monako uik-endi daha nə ilə yadda qaldı?
-Cümə axşamı məşqlər zamanı bizdə problemlər yarandı. Lakin şənbə üçün bolidin saz vəziyyətdə olmasından ötrü komanda çox səy göstərdi. Biz uik-endə yaxşı başlaya bilmədik, ona görə də bizə çətin idi. Lakin biz bütün məlumatı təhlil etdik, bolidin şənbə günü rəqabətqabliyyətli olmasına nail olduq və bunun sayəsində mübarizə aparmağı bacardıq.
Monakoda səhvə yol vermək çox asandır - hər dövrədə yüksək dərəcədə ehtiyatlı olmaq tələb olunur. Bazar günü liderlik etmək və hər şeyi nəzarətdə saxlamaq çox xoş idi. Mən Monakodakı ilk qələbəmi əldən buraxmaq fikrində deyildim.
-Siz Bakıda RB16B bolidindən nələr gözləyirsiniz?
-Bakıda yaxşı tras mövcuddur. Mən orada heç vaxt podiuma qalxmamışam, lakin bunu dəyişməyin vaxtı çatıb. Görək biz hansı dərəcədə rəqabətqabliyyətli olacağıq. Lakin mən “Mercedes”in heyətinin yaxşı formada qayıdacağına ümid edirəm”.