MAKSİM MİNÇEV: “BU GÜN İNFORMASİYA AGENTLİKLƏRİ “YAXŞI FORMADADIRLAR”
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin Bakıda keçirilən 30-cu iclasına dəvət olunmuş Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Maksim Minçev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Siyasət kimi sərt amili nəzərə alsaq, informasiya nə dərəcədə doğru-düzgün və eyni zamanda, çevik olmalıdır?” sualı yetərincə maraqlı və birmənalı olmayan, çox mürəkkəb sualdır.
Onun sözlərinə görə, hazırda bəzən ortodoksal jurnalistikanın, yəni sırf jurnalistikanın maraqları dövlətin maraqları ilə toqquşur. Burada unutmaq lazım deyil ki, hər bir informasiya dövlət dəyərlərini əks etdirməlidir. Bu baxımdan Bolqarıstan Teleqraf Agentliyi bir neçə prinsipi rəhbər tutur: informasiya qərəzsiz, dəqiq olmalı, mütləq iki müstəqil mənbədən yoxlanılmalı, xəbərdə müxtəlif fobiyalara çağırış səslənməməlidir. M.Minçev demişdir: “Biz yalnız dövlətin maraqlarına qarşı çevrilmiş informasiyanı senzuradan keçiririk”.
Agentliyin problemlərinə gəldikdə isə, bu, bir çox ölkələrin agentliklərinin problemləri ilə eynidir. Yeni qlobal informasiya mənbələri, cəmiyyətin siyasi, iqtisadi, mədəni həyatının özünün qloballaşması, düzgün olmayan informasiya yayan bir çox yeni agentliklər kifayət qədər ciddi rəqabət yaradır.
Digər problemlərə informasiya texnologiyalarını, rəqabəti aid etmək olar. M.Minçev demişdir: “Məsələn, Röyter fəaliyyətə İngiltərə agentliyi kimi başlamış, sonra Avropa agentliyinə çevrilmişdir, indi isə Kanada, əslində, dünya agentliyidir. Televiziya da öz auditoriyasını genişləndirir. Bir sözlə, son illər dünyada gedən proseslərin dinamikası bizim də peşəmizə təsir etmişdir və indi biz jurnalistikada dünya miqyaslı inqilabi dəyişikliklərin şahidi oluruq”.
Bolqarıstan Teleqraf Agentliyi (BTA) bu il öz 150 illik yubileyini qeyd etmişdir. İnformasiya məkanının lideri olan (5-ci yer) BTA abunəçilər arasında böyük nüfuz və hörmət qazanmışdır.
BTA-nın baş direktoru vurğulamışdır ki, yolumuz nə qədər çətin olsa da, infotmasiya agentlikləri “yaxşı formadadırlar”. O demişdir: “Bu həftənin sonunda Sofiyada Qara dəniz və Balkan ölkələri xəbər agentliklərinin II Beynəlxalq görüşü keçiriləcəkdir. Burada 14 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri görüşəcəklər, işimiz davam edəcəkdir”.