Malayziya parlamenti iyulun 26-da fəaliyyətini bərpa edəcək
Tokio, 5 iyul, AZƏRTAC
Malayziya parlamenti iyulun 26-da fəaliyyətini bərpa edəcək və avqustun 2-dək müzakirələr aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Muhiddin Yassinin dəftərxanası bildirib.
Diqqətə çatdırılıb ki, uzun müddətdən sonra keçiriləcək toplantıda qanunvericilərə parlamentin hibrid iclaslarının təşkili ilə bağlı zəruri qanunlara əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflərin verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu ərəfədə Malayziya Kralı Sultan Abdulla Ahmad Şah parlamentin aşağı və yuxarı palatalarının sədrləri ilə görüşündə iclasın avqustun 1-dək keçirilməsinin arzuedilən olduğunu bildirib. Bu, Kralın parlamentin iclaslarının keçirilməsi ilə bağlı ikinci müraciətidir.
Malayziyanın Baş naziri Muhiddin Yassin əvvəllər parlamentin iclasının sentyabrda, pandemiya təhlükəsi azaldıqdan sonra keçiriləcəyini bildirmişdi. Lakin onun bu fikri ciddi təzyiqlərlə qarşılanmışdı.
Malayziya qanunvericiliyinə görə, parlamentin dekabrda keçirilən son iclasından sonra növbəti iclas altı ay davam etməlidir. Lakin Kral tərəfindən ölkədə yanvarın 11-dən fövqəladə vəziyyətin elan edilməsi konstitusiyanın bu tələbini aradan qaldırır. Həmin vaxt Kral Baş nazirin koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə xahişini nəzərə alaraq bu addımı atıb. Lakin ötən dövrdə ölkədə pandemiya ilə bağlı vəziyyət daha da kəskinləşib.
Malayziyada iyunun 1-dən tam izolyasiya tətbiq edilib və iyun ölkədə pandemiya başlayandan bəri ən çox itkinin qeydə alındığı aydır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio