Malayziyada koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi aradan qaldırılır
Tokio, 8 iyun, AZƏRTAC
Malayziyanın Baş Naziri Muhiddin Yassin koronavirus pandemiyasına görə ölkədə mayın 18-dən tətbiq edilən karantin rejiminin iyunun 10-da aradan qaldırılacağını bəyan edib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir bu barədə Malayziya əhalisinə telemüraciəti zamanı bildirib.
“Biz COVID-19 koronavirusunun yayılmasının qarşısını uğurla aldıq. Buna görə də vətəndaşların hərəkətinin və fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar qaydaların ləğvi barədə qərar qəbul olunub. İyunun 10-dan başlayaraq ştatlar arasında azad hərəkətə, daxili turizmin bərpasına icazə veriləcək”, - deyə Baş Nazir vurğulayıb.
M.Yassin qeyd edib ki, həyat fəaliyyətinin bütün sahələri, o cümlədən sosial və təhsil sahələri bəzi məhdudiyyətlərlə öz işinə başlayacaq.
Bundan əlavə, hökumət başçısı qeyd edib ki, çoxlu sayda tamaşaçıların qatıldığı tədbirlər istisna olmaqla, bir sıra idman və əyləncə tədbirlərinə də icazə veriləcək.
Qeyd edək ki, son məlumatlara görə, Malayziyada 8322 nəfər koronavirusa yoluxub, onlardan 117-si həyatını itirib, 6674 nəfər isə sağalıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio