Malayziyada koronavirusla bağlı məhdudiyyətlərin ləğv olunmasına başlanılıb
Tokio, 10 iyun, AZƏRTAC
İyunun 10-da Malayziyada COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərin ləğv edilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb. Bildirilir ki, tətbiq olunan məhdudiyyətlər bu gündən başlayaraq avqustun 31-dək mərhələlərlə aradan qaldırılacaq.
İlkin olaraq, ölkənin əyalətləri arasında hərəkət məhdudiyyətini və ciddi fərdi özünütəcridi nəzərdə tutan göstəriş ləğv olunub. Bununla əlaqədar qarşıdakı istirahət günlərində Malayziya Yol Polisini gərgin iş rejiminin gözlədiyi bildirilir. Belə ki, son üç ayda yaxın qohumlarını görməyən malayziyalıların görüş üçün doğma yerlərə yola düşəcəyi gözlənilir.
Qəzet, həmçinin bildirir ki, diplomatların, Malayziyada daimi yaşayan əcnəbilərin və “Malayziya - ikinci evimiz” proqramının bu ölkədə daşınmaz əmlaka malik olan iştirakçılarının ölkə daxilində hərəkətinə qoyulmuş məhdudiyyətlər qüvvədə qalacaq.
Eyni zamanda, həm mərkəzi, həm də yerli hökumətlər tərəfindən məsafədən işləməklə bağlı qəbul edilən göstərişlər də hələlik ləğv olunmayıb. Son günlər məsafədən çalışan işçilər arasında aparılan sorğu zamanı onların 65 faizindən çoxunun həmin iş rejiminin davam etdirilməsinə tərəfdar olduğu məlum olub. İşə götürənlərin təqribən 50 faizinin bu sorğunu müsbət cavablandırdığı da bildirilir.
Qeyd edək ki, Malayziya Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8336 nəfərdir. Onlardan 6975 nəfəri sağalıb, 117 nəfər isə həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio