Malayziyanın BERNAMA agentliyi Bakıda Zəfər paradı haqqında AZƏRTAC-ın materialını yayıb
Kuala Lumpur, 11 dekabr, AZƏRTAC
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Ermənistan üzərində Qələbə münasibətilə dekabrın 10-da Bakıda Azadlıq meydanında təşkil edilən Zəfər paradı haqqında AZƏRTAC-ın materialını yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Malayziya agentliyinin yaydığı məlumatda Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın iştirak etdiyi qeyd edilir.
Bildirilir ki, “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olunduğu qeyd edilib. Bildirilib ki, paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur