İQTİSADİYYAT
MALİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarin 25-də Maliyyə Nazirliyində İqtisadi islahatlar və Əməkdaşlıq üzrə ABŞ-Azərbaycan hökumətlərarası İşçi Qrupunun növbəti görüşü keçirilmişdir.
Görüşdə ABŞ nümayəndə heyətinə Müstəqil Dövlətlər Birliyi ölkələrinə yardım proqramlarının əlaqələndiricisi səfir Uilyam Teylor, Azərbaycan nümayəndə heyətinə isə maliyyə naziri Əvəz Ələkbərov başçılıq etmişdir.
İşçi Qrupuna daxil olan ekspertlər ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkəmizin inkişaf perspektivlərinin müəyyən edilməsi, ABŞ-ın Azərbaycanda həyata keçirdiyi yardım proqramlarının səmərəliliyinin maksimum artırılması, əməkdaşlığa əngəl olan hüquqi maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparmışlar.
İşçi Qrupu iclasın gündəliyində olan məsələləri- “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvindən sonra Azərbaycana yardım, ölkəmizdə islahatların gedişi, beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrin gücləndirilməsi, respublikamızın Dünya Ticarət Təşkilatına qəbul olunması imkanları, müəllif hüquqlarının qorunması, “Yoxsulluğun aradan qaldırılması” strategiyasının hazırlanması, sərmayələrin cəlb olunması, energetika, təhsil, kənd təsərrüfatı sahələrinə dəstək, Özəlləşdirmə proqramının II mərhələsinin reallaşdırılması, qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi, beynəlxalq terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və sair məsələləri geniş müzakirə etmişlər.
Görüşün sonunda İşçi Qrupunun gələcək fəaliyyətinə dair iş planı nəzərdən keçirilərək bəyənilmişdir.
Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilson iştirak etmişdir.