MALİYYƏ NAZİRLİYİNDƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Konfransın işində respublika mərkəzi icra hakimiyyəti orqanlarının, Bakı şəhərinin inzibati rayonlarının maliyyə, təhsil, səhiyyə, mədəniyyət idarələrinin məsul şəxsləri, alimlər, bir sıra beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edirdilər.
Maliyyə naziri Əvəz Ələkbərov konfransı açaraq, onun məqsədindən danışmışdır. Nazir son dövrdə ölkədə həyata keçirilən islahatlar kontekstində sosial-iqtisadi proseslərdə dövlət büdcəsinin rolundan bəhs etmişdir. Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, yoxsulluğun azaldılmasında, əsaslı vəsait qoyuluşunda, kiçik və orta sahibkarlığın inkişafında və digər məsələlərdə dövlət büdcəsinin əhəmiyyətli mövqeyə malik olduğunu vurğulamışdır.
Ə.Ələkbərov son 5 il ərzində ölkə iqtisadiyyatının bir sıra makroiqtisadi göstəricilərinə toxunaraq onların əhəmiyyətli dərəcədə yaxşılaşdığını xatırlatmışdır. Nazir bildirmişdir ki, 1999-cu ilə nisbətən 2003-cü ildə ümumi daxili məhsul 18,6 trilyon manatdan 35,1 trilyon manata, adambaşına düşən ümumi daxili məhsul 2,4 milyon manatdan 4,3 milyon manata, dövlət büdcəsinin gəlirləri 2,8 trilyon manatdan 6,1 trilyon manata, dövlət büdcəsinin xərcləri 3,3 trilyon manatdan 6,2 trilyon manata, sərmayə qoyuluşu 4,6 trilyon manatdan 17,8 trilyon manata, xarici ticarət dövriyyəsi 2 milyard ABŞ dollarından 5,2 milyard ABŞ dollarına, əhalinin pul gəlirləri 16,1 trilyon manatdan 24,2 trilyon manata, orta aylıq əmək haqqı 184,4 min manatdan 383,1min manata çatmışdır.
Sonra maliyyə nazirinin müavini Azər Bayramov “Azərbaycanın sosial-iqtisadi inkişafında dövlət büdcəsinin rolu” mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, Dünya Bankının Azərbaycandakı daimi nümayəndəsi Əhməd Cahani, əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov, ABŞ Dövlət Xəzinədarlığının nümayəndəsi Kif Klark, respublika Auditorlar Palatasının sədri Vahid Novruzov və İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Şahin Sadıqov mövzu ətrafında çıxışlar etmişlər.
Konfransın işini yekunlaşdıran maliyyə naziri Əvəz Ələkbərov ölkənin sosial-iqtisadi inkişafında mühüm rolu olan dövlət büdcəsinin layihəsinin hazırlanmasında elmi-nəzəri fikirlərlə praktikanın üzvi vəhdətinin vacibliyini xüsusi vurğulamışdır.