Maliyyə Tədris Mərkəzində vahid elektron reyestri ilə bağlı təlimlərə start verilib
Naxçıvan, 29 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində muxtar respublikanın mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçilərinin iştirak etdiyi təlimlərə start verilib.
Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə əvvəlcə mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin mahiyyəti barədə məlumat verib.
Üç gün müddətində təşkil olunmuş təlimin ilk günündə Mədəniyyət Nazirliyinin əməkdaşı Vüsal Məmmədov qurumun strukturuna daxil olan və tabeliyindəki müəssisələrdə çalışan işçilərin vahid elektron reyestri sistemində qurulmuş yeni modulun - əməkhaqqı ödəniş cədvəllərinin işlənilmə mexanizmini izah edib. Təlimçi bildirib ki, digər mədəniyyət müəssisələri ilə yanaşı, uşaq musiqi məktəblərinin də əməkhaqqı ödəniş cədvəllərinin elektron hazırlanması mümkün olacaqdır. Cari ilin aprel ayından etibarən isə muxtar respublikanın bütün mədəniyyət müəssisələrinin əməkhaqqı cədvəllərinin elektron qaydada sistemə işlənilməsi təmin ediləcək.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar nazirliyin müvafiq şöbələrinin əməkdaşları tərəfindən cavablandırılıb.