MANATIN DİZAYNINI AVSTRİYALI RƏSSAM HAZIRLAYACAQ
Azərbaycanın yeni pul nişanları dizaynının müəllifi avronun dizaynını yaradan avstriyalı rəssam Robert Kallina olacaqdır. AZƏRTAC xəbər verir ki, bunu Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Prezidentinin Fərmanını şərh edərkən bildirmişdir.
Milli Bankın sədri həmin islahatın məqsədlərindən danışaraq demişdir ki, son illər həyata keçirilən iqtisadi siyasət və genişmiqyaslı islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafına, o cümlədən makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələrə sərmayə qoyuluşu əhəmiyyətli dərəcədə artmış, əhalinin yaşayış tərzi yaxşılaşmış, inflyasiyanın səviyyəsi məhdudlaşmış, xarici dönərli valyutalara nisbətdə manatın məzənnəsinin sabitliyi təmin edilmişdir.
Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış milli valyutanın məzənnəsi həmin dövrdə baş verən hərbi-siyasi və sosial-iqtisadi böhranın təsiri nəticəsində qısa müddət ərzində sürətlə aşağı düşmüş və ölkədə yüksək qiymətlər miqyası formalaşmışdır. Son on ildə ölkənin sosial-iqtisadi inkişafında qazanılmış uğurlara baxmayaraq, formalaşmış yüksək qiymətlər miqyası və manatın aşağı nominal məzənnəsi mühasibat sistemində və statistikada uçot və hesabatların tərtibatında, müəssisələrarası hesablaşmaların və bank hesablaşmalarının aparılmasında çətinliklərə səbəb olur.
Hazırda Azərbaycan iqtisadiyyatı dinamik inkişafına görə dünyanın bir çox ölkələri arasında, o cümlədən Müstəqil Dövlətlər Birliyi ölkələri içərisində öncüllər sırasında olsa da, xarici valyutalara manatın nisbətdə məzənnəsi aşağı olaraq qalır.
Elman Rüstəmov dedi ki, vahid dizayna, güclü müdafiə vasitələrinə və müasir beynəlxalq standartlara əsaslanan yeni pul nişanları yaradılmasının “Müstəqil Azərbaycan və müasir dünyada onun yeri” konsepsiyası hazırlanmışdır.
Yeni Azərbaycan manatının dizaynının hazırlanması və onun çap edilməsi üçün bir sıra ölkələrin məşhur şirkətləri və dövlət strukturları ilə məsləhətləşmələr və danışıqlar aparılmışdır. Yeni pul nişanlarının layihələşdirilməsi və hazırlanması üzərində Avropanın ən yaxşı şirkətləri işləyəcəklər.
Elman Rüstəmov bu islahatın ölkə iqtisadiyyatına mənfi təsirlərinin mümkünlüyü barədə suala cavab verərək bildirdi ki, Azərbaycan iqtisadiyyatı sabit və uğurla inkişaf edir, bu isə yeni pul nişanlarına problemsiz keçməyə imkan yaradacaqdır.
100, 50, 20, 10, 5, 1 manat dəyərində kağız pul və 50, 20, 10, 5 və 1 qəpik dəyərində metal sikkələr buraxmaq qərara alınmışdır.
Milli Bankın sədri yeni manatın görkəmi barədə suala cavab verərək dedi ki, onların üzərində Azərbaycanın milli və tarixi ənənələrini əks etdirmək təklif olunmuşdur. Milli Bank ümummilli lider Heydər Əliyevin porterti təsvir edilmiş kağız pulların dizaynını hazırlamışdır, lakin bu layihəni həyata keçirmək üçün siyasi qərar lazımdır. O, həmçinin bildirdi ki, konsepsiyada pul nişanında Qarabağ mövzusunu əks etdirmək də nəzərdə tutulur.