Mart soyqırımı qurbanlarının xatırəsi anılıb
Bakı, 30 mart, P.İmanova, AZƏRTAC
Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən söz açıb, mart soyqırımı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
G.Baxşəliyeva deyib ki, bu Fərmandan sonra institutumuzda mart soyqırımı ilə bağlı müxtəlif elmi-tədqiqat işlərinin aparılmasına böyük imkanlar açılıb və əməkdaşlarımızın mövzu üzrə bir sıra kitabları nəşr olunub.
Bildirilib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, əhali öz doğma torpaqlarından didərgin salınıb.
Tədbirdə AMEA-nın müxbir üzvləri - AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən Nərgiz Axundova, Şahin Mustafayev və başqaları mart soyqırımını Azərbaycan xalqının tarixində ən faciəli hadisələrdən biri adlandırıb, AMEA-da və Şərqşünaslıq İnstitutunda bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən söz açıblar. Natiqlər ermənilərin müxtəlif dövrlərdə xalqımızın başına gətirdikləri hadisələrin və həyata keçirdikləri soyqırımların ictimaiyyətə ətraflı şəkildə çatdırılmasının vacibliyini vurğulayıblar.