Masallıda “Kərpickəsən kişinin hekayəti” adlı virtual tamaşa-kompozisiya nümayiş olunub
Masallı, 15 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin 880 illik yubileyinə həsr olunmuş "Kərpickəsən kişinin hekayəti" adlı virtual tamaşa-kompozisiya nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında hazırlanmış kompozisiyada zəhmətsevərlik, halallıq, təvazökarlıq kimi ülvi mənəvi keyfiyyətlər təqdir edilir, lovğalıq, müftəxorluq, tənbəllik kimi naqisliklər tənqid olunur.
Tamaşa-kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında teatrın rejissoru Cəmaləddin Əliyev, aktyor Cavid Quliyev, bədii qiraətçi Ziyafət Hüseynov və başqaları iştirak ediblər.