Masallıda şəhid Bəyalı Məmmədovun xatirəsi anılıb
Masallı, 17 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Böyük Xocavar kəndində şəhid Bəyalı Məmmədovun adını daşıyan məktəbdə onun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məktəbin direktoru Abusət Zeynalov tədbirdə çıxış edərək Bəyalı Məmmədovun Vətən torpaqları uğrunda döyüşlərdə şücaətlərindən danışaraq, şəhidin qısa ömür yolunun gənclərə örnək olduğunu bildirib.
Qeyd olunub ki, Böyük Xocavar kəndi mənfur düşmənlərimiz olan ermənilərlə döyüşlərdə beş şəhid verib.
Masallı rayonunda çıxan "Yeni həyat" qəzetinin baş redaktorunun müavini Rəsul Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəis müavini, mayor Asif Əhədov, rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov, Banbaşı kənd ərazi üzrə nümayəndəsi Hörmət Balakişiyev, şəhidin qardaşı Vüsal Məmmədov, müəllim Ənsar İsmayılov, şəhid atası Qismət Məlikov və başqaları Bəyalı Məmmədovun döyüş yolundan danışıblar.
Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildiriblər.
Mərasimdə məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Anım tədbiri şəhidin uyuduğu kənd qəbiristanlığında davam edib. Burada Bəyalı Məmmədovun məzarı üstə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.