DÜNYA
Mayk Tayson şelfi çəkdirmək istəyən zəhlətökən pərəstişkarının dərsini verdi VİDEO
Bakı, 2 may, AZƏRTAC
Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson pərəstişkarının onunla icazəsiz şəkil çəkdirmək cəhdlərinin qarşısını sərt şəkildə alıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Floyd Meyvezer və Menni Pakyao arasında keçiriləcək qarşılaşmadan əvvəl çəki ölçmə mərasimində baş verən hadisəni tamaşaçılardan biri videokameraya çəkib.
Videodan göründüyü kimi, qəflətən bir nəfər kadra düşmək üçün mərasimə tamaşa edən Taysonu arxadan qucaqlayır. Onu qəfildən qucaqlayan kişinin hərəkətinə dözməyən boksçu dirsəyi ilə pərəstişkarının sinəsinə zərbə endirərək yanından uzaqlaşdırır.
Bundan sonra məşhurlarla şelfi çəkdirmək həvəskarı boksçudan uzaqlaşsa da, Tayson kefi pozulmuş halda mərasimi izləməyə davam edir.