“MBA-MOSKVA” bankı 2013-cü ilə yekun vurmuşdur
Bakı, 8 aprel (AZƏRTAC). “Deloitte & Touche” beynəlxalq auditor şirkətinin rəyindən görünür ki, “MBA-MOSKVA” bankı 2013-cü ildə öz fəaliyyətinin bütün əsas göstəriciləri üzrə inamlı artım nümayiş etdirmişdir.
Dünyada ən nüfuzlu, tanınmış və iri auditor şirkətlərindən biri olan “Deloitte & Touche” beynəlxalq auditor şirkəti “MBA-MOSKVA” bankı MMC-nin 2013-cü il üçün Rusiya mühasibat uçotu standartları (RMUS) üzrə maliyyə hesabatını təsdiq etmişdir. Auditor rəyi bankın inkişafında müsbət dinamikanı bir daha təsdiq etmiş, 2013-cü hesabat ili isə “MBA-MOSKVA” bankının maliyyə artımında və bütün əsas göstəricilərin yaxşılaşmasında daha bir mərhələ olmuşdur.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, 2013-cü il üçün hesabat məlumatlarına görə “MBA-MOSKVA”-nın aktivlərinin həcmi 2012-ci ilin müvafiq göstəricisi (27.845 milyon rubl) ilə müqayisədə 18,1 faiz artaraq 31.12.2013 tarixində 32.882 milyon rubla bərabər olmuşdur. 31.12.2013 tarixində bankın RMUS üzrə xüsusi kapitalı 3.006 milyon rubl olmuşdur. Bu, 2012-ci ilin müvafiq göstəricisindən (2.425 milyon rubl) 24 faiz çoxdur.
Hesabat dövründə bankın xalis mənfəəti 350,4 milyon rubla çatmışdır. Bu, əvvəlki ildəki 258,9 milyon rubl ilə müqayisədə 35,3 faiz çoxdur.
“MBA-MOSKVA” bankının uğurlu göstəriciləri şaxələndirilmiş biznes modeli qurulması üzrə məqsədyönlü siyasətin nəticəsidir. Bu modeldən istifadə edildikdə bankın ayrı-ayrı müştərilərdən və ya müştəri qruplarından, habelə fəaliyyət növlərindən asılılıq riski maksimum dərəcədə aradan qalxır.
2013-cü ildə “MBA-MOSKVA” bankı yerli kiçik və orta biznes müəssisələri ilə qarşılıqlı fəaliyyəti davam etdirmiş, dövriyyənin həcmini artırmış, bankın inkişaf strategiyasında həlledici rol oynayan bu istiqaməti genişləndirmişdir. Belə ki, kiçik və orta bizneslə məşğul olan hüquqi şəxslərə verilmiş kreditlərin ümumi həcminin 20 faizi iqtisadiyyat sektoruna aid müəssisələrin payına düşür. Hüquqi şəxslərin kredit portfelinin həcmi 2012-ci ildəki ilə müqayisədə 10,5 faiz artaraq 19,8 milyard rubla çatmışdır. Hesabat ilində hüquqi şəxslərin hesablarının sayı artaraq 4972-yə çatmışdır (2012-ci ildə onların sayı 4412 idi).
Kredit təşkilatları olmayan müştərilərin cəlb edilmiş vəsaitləri 53,6 faiz artmış və 2013-cü hesabat ilinin sonunda 13,1 milyard rubla bərabər olmuşdur. Eyni müddətdə fiziki şəxslərin hesablarında olan vəsaitlər 87,8 faiz artaraq 8,4 milyard rubla çatmışdır.
2013-cü ildə “MBA-MOSKVA” bankı ümumi məbləği 130 milyon ABŞ dollarına bərabər olan sindikatlaşdırılmış növbəti klub kreditinin cəlb edilməsi haqqında müqavilə bağlamışdır. Bir il müddətinə bağlanmış bu müqaviləni sonradan daha bir il müddətinə artırmaq imkanı nəzərdə tutulmuşdur. Kupon dərəcəsi ildə 10,75 faiz olan 3 milyard rubl məbləğində debüt istiqrazı yerləşdirilmişdir. Rusiya bankının lisenziyası alınmışdır. Bu lisenziya qiymətli metallarla əməliyyatlar aparmaq, o cümlədən onları əmanət kimi cəlb etmək və yerləşdirmək hüququ verir.