MDU Qətərdə Beynəlxalq Universitetlər Assosiasiyasının Konfransında təmsil olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qətərin paytaxtı Doha şəhərində “Ali təhsilin təsirləri: mədəniyyətlərarası öyrənmə və dialoqun əhəmiyyəti” mövzusunda təşkil olunan Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) Konfransında iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Qətər Universitetinin ev sahibliyi etdiyi beynəlxalq konfransa 70-dən çox ölkəni təmsil edən 300-dən artıq universitet rektoru və ali təhsil mütəxəssisi qatılıb.
Konfransın açılış mərasimində Qətər Dövləti Şurasının sədr müavini, Qətər Universitetinin rektoru və IAU-nun prezidenti çıxış edib.
Tədbirdə mədəniyyətlərarası səriştələr, qlobal vizyonlu universitetlər, açıq elm, universitet reytinqləri, ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin mədəniyyətlərarası əməkdaşlıqda rolu və digər vacib və maraqlı mövzularda müzakirələr aparılıb.
MDU-nun rektoru Ş.Bayramov konfransın işinə, bölmə iclaslarına və müzakirələrə qatılıb.
Konfrans çərçivəsində rektor, həmçinin Qətər Universiteti də daxil olmaqla, IAU üzvü olan bir neçə universitetin rektorları ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
MDU 2022-ci ildə IAU-nun üzvü olub. 2022-ci ilin 25-28 oktyabr tarixlərində Dublində keçirilmiş IAU-nun Konfransında MDU rektoru bu beynəlxalq təşkilatın idarə heyətinə üzv seçilib.