Mədəniyyət işçilərinin iştirakı ilə “Şəhidlik zirvəsinə aparan yol” adlı debat keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi son günlərdə gənclərimizin nümayış etdirdikləri yüksək vətənpərvərlik hisslərinin daha da artırılması məqsədilə müxtəlif layihələr reallaşdırmaqdadır. Bu günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin törətdikləri təxribatda böyük şücaət göstərən əsgərlərimiz qəhrəmanlıqla dolu hərb tariximizə daha bir şanlı səhifə yazdılar.
AZƏRTAC xəbər verir ki, bu səbəbdən iyulun 21-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Şəhidlik zirvəsinə aparan yol” hərbi vətənpərvərlik mövzusunda debat təşkil olunub. 50-dən çox müxtəlif mədəniyyət müəssisələrinin əməkdaşlarının, gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş debatda Əməkdar incəsənət xadimi, Müdafiə Nazirliyinin zabiti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbani, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bibiheybət qəsəbə Mədəniyyət evinin bədii rəhbəri, Fəridə Babayeva, mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, Əməkdar mədəniyyət işçisi Səadət Şirinova, kitabxana müdiri Validə Hacıyeva və digərlər tədbirdə çıxış ediblər.
Natiqlər Vətəni müdafiə çağırışına səngərlərdən səs verən şəhidlərimizin haqqı, ədaləti, vətən sevgisini, torpaq qeyrətini qanları ilə yazdıqlarını bildiriblər.
Polkovnik Abdulla Qurbaninin vətən sevgisi ilə dolu çıxışı tədbir iştirakçılarının xüsusi diqqətinə səbəb olub. Belə ki, döyüş təcrübəsindən, əsgər qəhrəmanlığından və ordumuzun uğurlarından danışan polkovnik öz çıxışında, eyni zamanda ədəbiyyatımızda öz əksini tapmış qəhrəman obrazlara da müraciət edib.
Tədbirin sonunda çıxış edən mərkəzin direktoru Asif Usubəliyev pandemiya səbəbindən mədəniyyət işçilərinin öz fəaliyyətini yalnız elektron formatlı layihələr ilə davam etdirmək məcburiyyətində olduğunu bildirib. O deyib: “Heç bir pandemiya, heç bir iqtisadi böhran, heç bir təxribat gənclərimizin ürəklərində və qəlblərində yaşayan vətən sevgisinə maneə ola bilməz”.