MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİ ƏBÜLFƏS QARAYEV MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Nazir əvvəlcə yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyində struktur dəyişiklikləri, kadrların yerləşdirilməsi barədə ətraflı məlumat vermışdir. Bildirmişdir ki, struktur dəyişikliklərinə bu qurumun Əsasnaməsinin təsdiqindən sonra, mayın birindən başlanılmışdır. İslahatlar aparılarkən həm bəzi şöbələrin adları dəyişdirilmiş, həm də onların tərkibində yeni bölmələr yaradılmışdır.
Ə.Qarayev vurğulamışdır ki, nazirliyin strukturunun genişləndirilməsini nəzərə alaraq, mədəniyyət və turizm sahəsində bərpa işləri, yeni mədəniyyət ocaqlarının tikintisi ilə məşğul olacaq şöbə də yaradılmışdır. Bu şöbənin səlahiyyətinə ölkəmizdə fərdi qaydada tikilən hotel, mehmanxana tipli obyektlərin layihələrinin razılaşdırılması və onlara nəzarət işi də daxildir. Mədəni irs şöbəsi gücləndirilmiş, qoruqların fəaliyyətinə nəzarət də onun funksiyasına daxil edilib və sair.
Kadr məsələsinə gəlincə, nazir diqqətə çatdırmışdır ki, istər mədəniyyət, istərsə də turizm sahəsində çalışanların 80 faizi öz vəzifələrini icra edirlər. Qalan 20 faizinin iş üslubu, məsuliyyəti, digər keyfiyyətləri bizi qane etmədiyindən onlarla vidalaşdıq. Artıq həmin əməkdaşların yerinə bacarıqlı əməkdaşlar cəlb olunmuşdur.
Ə.Qarayev məlumat vermişdir ki, mayın 30-da Avropanın mədəni mərkəzlərindən olan Vyana şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsi açılmışdır. Bu ölkəmizin tarixində olduqca əlamətdar bir hadisə idi. Demək olar ki, Vyana sakinlərinıin əksəriyyəti öz istirahətlərini abidə qoyulmuş Duau parkında keçirirlər. Heş şübhəsiz, onlar 2,5 metr hündürlüyündə olan bu heykəlin kimə məxsusluğu ilə maraqlanacaq və Azərbaycan haqqında məlumat alacaqlar. Yeri gəlmişkən, heykəlin yanında bəstəkar barədə məlumat həkk edilmiş daş lövhə də vardır. Natiq heykəlin açılışı ilə bağlı bir məsələyə də toxunmuşdur: mərasim AzTV, “Lider” telekanalları, AZƏRTAC tərəfindən yüksək səviyyədə işıqlandırılmışdır. Lakin açılış mərasiminin davam etdiyi bir vaxtda “Mediaform” adlandırılan saytda guya tədbirin baş tutmaması, kiminsə heykəlin üzərinə mürəkkəb tökməsi və sair kimi material yer almışdır. Bakıda nəşr olunan bir neçə qəzetdə də həmin mövzu müzakirə olunmuşdur. Nazir heç bir məntiqə və mənəviyyata sığmayan belə hərəkətlərə rəvac verən mətbu orqanları obyektiv olmağa çağırmışdır.
Nazir diqqətə çatdırmışdır ki, iyul ayında Avstriyanın turizm şirkətlərinin bir neçəsinin nümayəndələri ölkəmizə gələcək, burada turizmin vəziyyəti və mehmanxanaların menecmenti ilə bağlı məsləhətləşmələr apacaq, lazımi kömək göstərəcəkdir.
Dünya azərbaycanlıları ziyalılarının Antalyada keçirilən 1-ci forumunun açılışında iştirak etdiyini, vurğulayan nazir bildirmişdir ki, görkəmli mədəniyyət və incəsənət xadimlərinin istər ölkəmizdə, istərsə də dünyada tanıdılması ilə bağlı nazirlik müəyyən tədbirlər həyata keçirəcəkdir.
Nazir jurnalistlərin çoxsaylı suallarını cavablandırmışdır.