MƏHƏMMƏD HAFİZ: MƏDƏNİYYƏTLƏRİMİZİ ÖYRƏNMƏYƏ İMKAN YARANIR
Biz çalışacağıq ki, mədəni və elmi əlaqələr inkişaf etsin. Bu yaxınlarda səfirlik adından Bakı Dövlət Universitetinə urdu dilində kitablar bağışladıq. Çox fərəhlidir ki, BDU-nun şərqşünaslıq fakültəsində urdu dilini öyrənən bölmə yaradılmışdır. Biz həmin bölmənin tələbələrini Pakistana oxumağa göndərməyi planlaşdırırıq. Onlar bizim ölkədə təkcə dili öyrənməklə kifayətlənməyib, mədəniyyətimizlə, tariximizlə tanış olmaq, insanlarla təmas qurmaq imkanı qazanacaqlar. Onda bu gənclərin təcrübələri artar, dil qabiliyyətləri daha da yüksələr. Pakistan Prezidentinin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa dair imzalanmış saziş xalqlarımızın bir-birinin mədəniyyətlərini öyrənməyə, qavramağa imkanlar yaradacaqdır. Milli irsimiz, mədəniyyətlərimiz və xalqlarımız arasında oxşarlıqlar vardır. Bu isə bizi daha da yaxınlaşdırır.