Mehriban Əliyevanın başlatdığı yardım marafonu Azərbaycan-Türkiyə qardaşlığı səhifəsində yeni mərhələnin əsasını qoydu
Bakı, 11 fevral, AZƏRTAC
Hər zaman birlik və həmrəylik nümayiş etdirən iki qardaş dövlət - Azərbaycan və Türkiyə bu gün də birliyini və həmrəyliyini bütün dünyaya bəyan edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə çatdırılan humanitar yardımlar bu birliyə, qardaşlığa ən dəyərli nümunədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası direktoru Aslan Cəfərov deyib.
“Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşım edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bir daha öz nəcibliyini, humanizmini və bu qardaşlığa sadiqliyinin sarsılmaz gücünü göstərmiş oldu. Bu, təkcə mənəvi dəstək ifadə edən paylaşım deyil, bu paylaşım həm də bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq kimi xüsusiyyəti özündə əks elətdirən iki qardaş xalqın ən gözəl xüsusiyyətlərinin göstəricisidir. Bu yüksək dəyərin və nəcibliyin fonunda Mehriban xanım Əliyevanın başlatdığı yardım marafonu Türkiyə-Azərbaycan qardaşlığı səhifəsində yeni mərhələnin əsasını qoymuş oldu. Bu yardım marafonunda bir daha qarşılıqlı sevginin sonsuzluğu, sarsılmazlığı, möhkəmliyi və əbədiliyi əyani surətdə sübut olundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyəyə hərtərəfli dəstək istiqamətində fəaliyyəti hər kəsi sevindirdi, qəlblərə fərəh, gözlərə yeni ümid gətirdi”,- deyə A.Cəfərov bildirib.
Onun sözlərinə görə, müasir Azərbaycan tarixində qadın hərəkatının obrazı kimi xarakterizə olunan humanizm, ailə dəyərləri, fədakarlıq, vətənpərvərlik bu gün də cəmiyyətin inkişafına önəmli töhfələr verir. Azərbaycan qadını öz qüruru, təmiz qəlbi, nikbin ruhu ilə sağlam nəsillərin yetişməsində müstəsna rol oynamaqdadır. Bu gün Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının əzmi, gücü, inamı sayəsində dövlətçilik və millət adına mühüm işlərə imza atılır. Birinci vitse-prezident Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında dayanan xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm prinsipləri bu gün dünyanı Azərbaycana, Azərbaycanı dünyaya qovuşdurur.