MEK ilə Türkiyənin Sinop Universiteti arasında “Qardaş kitabxanalar” anlaşma memorandumu imzalanıb
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Türkiyənin Sinop Universiteti arasında “Qardaş kitabxanalar” anlaşma memorandumu imzalanıb. Bununla bağlı tərəflərin iştirakı ilə onlayn görüş baş tutub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Direktor kitabxanalar arasında qurulan əlaqələrin elmi informasiya mübadiləsinin, rəqəmsal resursların paylaşılmasının və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, MEK-in dünyanın bir sıra aparıcı kitabxanaları, ali təhsil müəssisələri və elmi təşkilatları ilə əməkdaşlıq etdiyini söyləyib. Bu əməkdaşlıqda Türkiyənin kitabxanalarının, universitetlərinin və nəşriyyatlarının xüsusi yer tutuğunu bildirib.
Hüseyn Hüseynov ötən ildən Sinop Universiteti ilə qurulan əməkdaşlığın hər iki qurum üçün faydalı nəticələr verdiyini deyib. Tərəfdaşlığın nəticəsi kimi Sinop Universitetinin “DərgiPark” elektron bazasına daxil olan jurnallar MEK oxucularının istifadəsinə verilib.
Sinop Universitetinin prorektoru professor Muhitdin Yılmaz bildirib ki, yaxın vaxtlarda Sinop Universitetinin kitabxanasında Azərbaycana həsr olunmuş xüsusi guşənin yaradılması, həmin guşənin isə MEK-in dəstəyi və təqdim edəcəyi nəşrlərlə zənginləşdirilməsi nəzərdə tutulur.
Universitetin Kitabxana və sənədləşmə şöbəsinin müdiri Hüseyn Konukçu isə çıxışında MEK-in zəngin informasiya resurslarından və peşəkar təcrübəsindən faydalanmaqda maraqlı olduqlarını söyləyib. O, əməkdaşlığın kitabxana işi, rəqəmsal xidmətlər, elmi informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində yeni imkanlar yaradacağını vurğulayıb.
Tədbirin sonunda AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Sinop Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi, kitab və digər informasiya resurslarının mübadiləsi, rəqəmsallaşdırma, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviq edilməsi istiqamətində əməkdaşlıq memorandumu imzalanıb.