Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və SOCAR-ın dəstəyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Söndür və Qazan!” kampaniyası çərçivəsində 5 ümumtəhsil məktəbində həyata keçirilən “Enerji səmərəliliyi aylığı” adlı maarifləndirmə kampaniyası başa çatıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində məktəblərdə təşkil olunan maarifləndirmə tədbirlərində ümumilikdə 400-ə yaxın şagird iştirak edib, 100-dən çox şagird enerji səmərəliliyi mövzusunda yaradıcılıq nümunələri hazırlayıb.
Bununla yanaşı, hər məktəbdə 5 nəfərdən ibarət “enerji səmərəliliyi könüllüləri” qrupu formalaşdırılıb. Könüllülər gündəlik enerji qənaəti tədbirləri ilə bağlı digər siniflərdə məlumatlandırıcı təqdimatlarla çıxış edərək şagirdlərin prosesə fəal cəlb olunmasına dəstək göstəriblər. Həmçinin enerji qənaəti və nəzarət tədbirlərinə həsr olunmuş videoçarxlar hazırlanaraq yayımlanıb.
“Enerji səmərəliliyi aylığı”nın yekun tədbiri çərçivəsində məktəbləri təmsil edən komandalar arasında enerji səmərəliliyi mövzusunda intellektual oyun keçirilib, seçilmiş ən yaxşı yaradıcılıq nümunələrinin sərgisi təşkil olunub. Sonda oyunun qaliblərinə və yaradıcılıq nümunələrinin müəlliflərinə mükafatlar və sertifikatlar təqdim olunub.