Məktəblilər arasında şeir müsabiqəsinin şəhər mərhələsinin qalibləri müəyyənləşib
Bakı, 27 mart, AZƏRTAC
Məktəblilər arasında “Azərbaycan dili milli varlığımızdır” adlı şeir müsabiqəsinin şəhər mərhələsinin qalibləri müəyyənləşib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş müsabiqənin şəhər mərhələsində 36 şagird iştirak edib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, VI-XI sinif şagirdləri arasında təşkil olunmuş müsabiqənin nəticələrinə əsasən, 158 nömrəli tam orta məktəbin şagirdi Əzizəxanım Kazımova I, 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Əbülfəz Rzazadə II, 173 nömrəli tam orta məktəbin şagirdi Rəşad Rza isə III yeri tutub. Bundan əlavə, İnci Mikayıllı (165 nömrəli tam orta məktəb), Kənan Qayxıyev (114 nömrəli tam orta məktəb), Cəmilə Muradova (251 nömrəli tam orta məktəb), Aydan Vəkilova (322 nömrəli tam orta məktəb), Duyğu Həşimli (250 nömrəli tam orta məktəb), Leyla Hümbətova (17 nömrəli tam orta məktəb), Nigar Şirinova (47 nömrəli tam orta məktəb), Səma Əsədzadə (58 nömrəli tam orta məktəb), Fidan Ağayeva (234 nömrəli tam orta məktəb), Nərgiz Məmmədli (160 nömrəli Klassik gimnaziya), Rövşanə Mirzəyeva və İbrahim Şirinov (müvafiq olaraq 5 və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnəkləri) həvəsləndirici yerlərə layiq görülüb.
Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqə Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir.