“Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
Bakı, 25 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin “Açıq qapı” layihəsi çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Açıq qapı” gününün təşkil edilməsində əsas məqsəd qida məhsullarının Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə iştirakçılara göstərməkdən, eyni zamanda, laboratoriyaların imkanlarını, maddi-texniki bazasını və bu sahədə görülən işləri daha geniş auditoriyaya təqdim etməkdən ibarət olub.
“Açıq qapı” günündə institutun məsul şəxsləri və əməkdaşları, həmçinin bir müddət əvvəl Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı, UNICEF-in dəstəyi, Elm və Təhsil Nazirliyinin iştirakı ilə keçirilən pilot layihədə uğur əldə edərək “Məktəblilərin qida bələdçiləri” adını qazanan, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Məktəblinin dostu” layihəsinin iştirakçısı olan şəxslər iştirak ediblər.
İştirakçılara institutun fəaliyyəti, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, qida təhlükəsizliyi sahəsində həyata keçirilən elmi-praktiki araşdırmalar haqqında ətraflı məlumat verilib.
“Açıq qapı” zamanı iştirakçılar İnstitutun laboratoriyalarının maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlar qida məhsullarının yoxlanılması prosesində iştirak edərək həmin məhsulların laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə izləyiblər.