Memar: “Rəqəmsal əkiz” modeli şəhərin daha səmərəli idarə olunmasına xidmət edə bilər
Bakı, 16 iyul, AZƏRTAC
Şəhərlərin idarə olunmasında “rəqəmsal əkiz” modelinin tətbiqi müxtəlif sahələr üzrə qərarların daha əsaslandırılmış qəbuluna və şəhər strukturları arasında koordinasiyanın gücləndirilməsinə imkan yarada bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında memar, professor Elçin Əliyev deyib.
Professorun sözlərinə görə, “rəqəmsal əkiz” şəhərin binaları, yolları, mühəndis-kommunikasiya şəbəkələri, nəqliyyat axınları və planlaşdırılan tikinti layihələri haqqında məlumatları vahid platformada birləşdirən rəqəmsal modeldir: “Belə bir sistem binalar, yollar, mühəndis-kommunikasiya şəbəkələri, nəqliyyat axınları və planlaşdırılan tikinti layihələri haqqında məlumatları vahid platformada birləşdirməyə imkan verir. Fikrimcə, Bakı üçün şəhərin tam və daim yenilənən rəqəmsal modelinin yaradılması son dərəcə vacibdir”.
Onun fikrincə, belə yanaşma şəhərin inkişafı ilə bağlı qərarların daha sistemli şəkildə qəbul edilməsinə kömək edə bilər. Vahid platformada toplanan məlumatlar nəqliyyatın təşkili, mühəndis-kommunikasiya şəbəkələrinin fəaliyyəti və yeni layihələrin şəhər mühitinə mümkün təsirlərinin əvvəlcədən qiymətləndirilməsi üçün əlavə imkanlar yaradır.

Elçin Əliyev hesab edir ki, rəqəmsal texnologiyalar ilk növbədə şəhərin real vəziyyətini daha dəqiq qiymətləndirməyə xidmət etməlidir: “Texnologiyalar memarlara və şəhər xidmətlərinə şəhərin real olaraq necə fəaliyyət göstərdiyini anlamağa kömək etməlidir: tıxaclar harada yaranır, hansı marşrutlara daha çox tələbat var, harada ictimai nəqliyyat çatışmır, hansı ictimai məkanlardan insanlar həqiqətən istifadə edir, hansıları isə yalnız gözəl təqdimatlarda mövcuddur”.
Mütəxəssis vurğulayıb ki, rəqəmsal həllər şəhərsalma sahəsində qərar qəbulunu dəstəkləyən vasitədir və onlar düzgün planlaşdırmanı əvəz edə bilməz: “Lakin qərarlar memarlıq və şəhərsalma prinsiplərinə əsaslanmalıdır”.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların əsas vəzifəsi məlumatların toplanması və təhlilidir. Bu məlumatlar əsasında qəbul olunan qərarlar isə şəhər mühitinin daha funksional, təhlükəsiz və rahat olmasına xidmət etməlidir: “Buna görə də balans kifayət qədər sadədir: rəqəmsal texnologiyalar məlumatları toplayır və təhlil edir, memarlar və şəhərsalma mütəxəssisləri bu məlumatlar əsasında peşəkar qərarlar qəbul edir, ictimai məkanlar isə insanların real ehtiyacları nəzərə alınmaqla yaradılır”.
Professor hesab edir ki, müasir şəhərlərin inkişafında prioritet texnologiyaların sayını artırmaq deyil, onların gündəlik problemlərin həllinə necə töhfə verdiyini müəyyənləşdirməkdir. Bu baxımdan rahat piyada infrastrukturu, səmərəli ictimai nəqliyyat, yaşıllıq zonaları və keyfiyyətli ictimai məkanların yaradılması əsas istiqamətlər olaraq qalır: “Şəhərin keyfiyyətinin əsas göstəricisi tətbiq olunan rəqəmsal sistemlərin sayı deyil, insanların onun küçələrində, meydanlarında və parklarında olmaq istəyidir”.
Müəllif - Lalə Minasazova