“Mənim məktəbim” layihəsinə start verilib
Bakı, 5 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsinə start verilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi paytaxt məktəblərinin yığcam fəaliyyət hekayələri əsasında ayrı-ayrı təhsil müəssisələri barədə məlumatları daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Qısa radioçarxda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır. Bununla yanaşı, “Mənim məktəbim” layihəsi doğma məktəbə olan sevginin azalmadığını nümayiş etdirir, dinləyicilərdə nostalji duyğular oyatmaqla onları keçmişə, məktəb illərinə qaytarır. Oxuduğu məktəb haqqında BŞTİ-nin təqdim etdiyi mənbə əsasında bir daha eşitmək istəyənlər “ASAN Radio”nu dinləyə bilərlər.
Layihə çərçivəsində təqdim olunan radioçarxlar hər gün saat 08:44, 09:44, 15:44 və 17:44-də 100 FM-də səsləndiriləcək.