“Mənim universitetim–100 il” layihəsinə başlanılıb
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Mənim universitetim-100 il” layihəsinə başlanılıb. Layihənin məqsədi Bakının bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə BDU-nun tələbələrinin görüşünü təşkil etmək, onları bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ilk görüş Xəzər rayonundakı 181 və 183 nömrəli orta məktəblərdə təşkil olunub. Tədbirdə 181 nömrəli orta məktəbin direktoru Nazilə Məmmədova BDU haqqında məlumat verib. Universitetin Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov isə ali məktəbin fəaliyyət istiqamətləri, görkəmli məzunları və tələbə həyatından danışıb.
Görüşdə, həmçinin şagirdlərə “BDU-mənim universitetim” mövzusunda inşa müsabiqəsi haqqında məlumat verilib. Qeyd olunub ki, inşa müsabiqəsinin qalibləri universitetə dəvət ediləcək və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Sonda BDU haqqında videoçarx nümayiş etdirilib.