DÜNYA
Mərakeşdə COVID-19 əleyhinə vaksin istehsal edən zavod tikiləcək
Rabat, 1 fevral, AZƏRTAC
Mərakeşin Kasablanka-Settat regionunda yerləşən Bensliman əyalətində COVID-19 əleyhinə vaksin və digər immunlaşdırıcılar istehsal edən zavod tikiləcək.
AZƏRTAC xəbər verir ki, zavodun təməlqoyma mərasimində Mərakeşin kralı VI Məhəmməd iştirak edib. Zavod krallığın özünün 70 faizdən çox və bütün Afrika qitəsinin 60 faizdən yuxarı immunlaşdırıcı ilə təmin olunmasına kömək edəcək.
“Sencio Pharmatech” adlı sənaye müəssisəsi krallığın Afrikada və dünyada qısamüddətli və uzunmüddətli perspektivdə əczaçılıq tədqiqatlarının inteqrasiyası, həmçinin yüksək keyfiyyətli bioəczaçılıq məhsullarının istehsalı və satışı vasitəsilə qitənin səhiyyə sahəsində tələbatlarını təmin etməyə qadir olan əvəzsiz biotexnoloji qütbə çevriləcəyinə yönəldilib. Bu zavodun işə salınması 400-500 milyon avro həcmində sərmayə cəlb olunmasını tələb edir. Nümunə qablaşdırmaların istehsalı 2022-ci il iyulun 30-na nəzərdə tutulub. İstehsal gücünə görə vaksin istehsalı üzrə ən iri platformanın dünyada ən yaxşı beşliyə düşəcəyi gözlənilir.
BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid Mərakeşin COVID-19 əleyhinə vaksin istehsalı üzrə səylərini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Mərakeş əhalinin 40 faizinin COVID-19 əleyhinə peyvəndlənməsi üzrə Ümumdünya Səhiyyə Təşkilatının hədəfinə nail olan beş Afrika ölkəsindən biridir. Mərakeşdə əhalinin 61 faizindən çoxu tam vaksinlənmə sxemindən keçib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat