Mərakeşdə “Xocalı soyqırımı və ərazi bütövlüyü” adlı elmi-praktiki konfrans keçirilib
Rabat, 29 fevral, AZƏRTAC
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Mərakeşdəki səfirliyi Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti, Rabatdakı V Məhəmməd Universitetinin hüquq fakültəsi ilə birgə Mərakeş ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Xocalı soyqırımı və ərazi bütövlüyü” adlı elmi-praktiki konfrans keçirib.
Konfransın moderatoru V Məhəmməd Universitetinin professoru, hüquqşünas L.Hanan Xocalı qətliamının XX əsrdə törədilmiş ən qanlı soyqırımı olduğunu bildirib. O, erməni silahlı qüvvələrinin dinc əhalini vəhşicəsinə qətlə yetirdiyini qeyd edib, beynəlxalq birlik tərəfindən soyqırımına lazımi hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulayıb.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.Fəqiri Xocalı soyqırımının XX əsrdə törədilmiş ən qanlı faciələrdən biri olduğunu qeyd edib, erməni hərbi birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi amansız qətliamlardan bəhs edib.
Keçmiş Sovet Ali Məktəblərinin Məzunları Cəmiyyətinin baş katibi İ.Suveyni Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qətliamlara beynəlxalq birliyin dərhal reaksiya verməsinin vacibliyini vurğulayıb. O, Xocalı qətliamının təkcə Azərbaycana deyil, bəşəriyyətə qarşı törədilmiş qanlı soyqırımı olduğunu bildirib və qardaş Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini bildirib.
V Məhəmməd Universitetinin hüquq fakültəsinin professoru M.Sufi soyqırımının hüquqi aspektləri barədə danışıb. O, Xocalı soyqırımının lazımi şəkildə araşdırılmadığını, ona beynəlxalq qurumlar tərəfindən lazımi hüquqi qiymət verilmədiyini bildirib, cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd edib.
Dostluq Cəmiyyətinin üzvü xanım F.Əl-Abdi erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı, eləcə də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını qəti şəkildə pislədiklərini bildirib, Mərakeş cəmiyyəti olaraq Azərbaycan xalqı ilə tam həmrəy olduqlarını qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində göstərilən səylərə dəstək verdiklərini vurğulayıb.
Səfirlik öz tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin hazırkı durumu, münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə məlumat verib. Tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımları, kütləvi qətliamlar, eləcə də 1918-ci ilin mart hadisələri, 1990-cı il 20 Yanvar faciəsi, Xocalı soyqırımı, ermənilərin Xocalıda törətdiyi misli görünməmiş vəhşiliklər, uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla dinc insanların qətlə yetirilməsi barədə məlumat verilib, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına, qətliamlara ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırılıb. Artıq bir neçə ölkənin parlamentləri tərəfindən Xocalı soyqırımını tanıyan qətnamələr qəbul olunduğu diqqətə çatdırılıb.
Konfransın sonunda V Məhəmməd Universitetinin professoru L.Hanan iştirakçılara müraciət edərək bildirib ki, çıxışların qeydləri əsasında qətnamə tərtib edilib Mərakeşin insan hüquqları müdafiəsi qurumlarına ünvanlanacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat