Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən “İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu”nun spikerlərindən biri olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Vüsal Xəlilov “Sərhədlərin tənzimlənməsi – süni intellekt və tokenləşdirmə” mövzusunda keçirilən müzakirə panelində çıxışı zamanı maliyyə sektorunda sürətlə inkişaf edən texnologiyaların yaratdığı yeni imkanlar və çağırışlar, tənzimləyici yanaşmaların müasir texnoloji trendlərə uyğunlaşdırılması, həmçinin süni intellekt və tokenləşdirmənin maliyyə xidmətlərinin gələcəyinə təsiri barədə fikirlərini bölüşüb. O, Azərbaycanda maliyyə texnologiyalarının təşviqi, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və yeni innovasiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Sədr müavini regional əməkdaşlığın innovativ maliyyə ekosisteminin inkişafında mühüm rol oynadığını vurğulayaraq forumun bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə dair əminliyini ifadə edib.
Qeyd edək ki, Özbəkistan Mərkəzi Bankı ilə Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin təşkilatçılığı çərçivəsində keçirilən forum tənzimləyici qurumların, maliyyə institutlarının və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.