MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR KEÇİRİLMİŞDİR
Tədbiri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açmışdır. O bildirmişdir ki, bu seminar dairə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədi ilə keçirilən tədbirlər silsiləsindəndir və bu cür seminarlar davam etdiriləcəkdir. Mərkizi Seçki Komissiyasının üzvləri və mətbuat xidməti kütləvi informasiya vasitələrində qarşıdakı seçkilərlə bağlı ardıcıl izahat işi aparırlar.
Mərkəzi Seçki Komissiyasının sədri avqust ayının ortalarından etibarən yuxarıda göstərilən üç seçki dairəsində dairə və məntəqə seçki komissiyaları üzvlərinin iştirakı ilə məşğələlərin də keçiriləcəyini seminar iştirakçılarının nəzərinə çatdırmış, bu tədbirlərin seçki qanunvericiliyində və müvafiq təlimatlarda əks olunmuş müddəaların tətbiqi qaydalarının öyrənilməsi baxımından çox əhəmiyyətli olduğunu qeyd etmişdir. Seçki dairələri dairə seçki komissiyalarına tövsiyə olunmuşdur ki, vətəndaşların seçilmək hüququna hörmətlə yanaşsınlar.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov irəli sürülmüş namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi, sənədlərin qanuna uyğunluğunun yoxlanılması və namizədin qeydə alınması, MSK-nın digər üzvü Azər Tağızadə isə Milli Məclisə seçkilərdə iştirak etmək üçün qeydə alınmış namizədlərin seçkiqabağı təşviqatının aparılması qaydaları mövzularında məruzə etmişlər.
Məruzələrlə bağlı MSK sədrinin müavini Svetlana Qasımova və komissiyanın katibi Natiq Məmmədovun çıxışları dinlənilmişdir.
Seminarda 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Nurəli Rəhimov, 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının sədri Şükür Əlizadə və 101 saylı Xanlar – Daşkəsən seçki dairəsi dairə seçki komissiyasının sədri Abbas Zalov rəhbərlik etdikləri qurumların gördükləri işlər barədə məlumat vermişlər.
Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran suallara cavablar verilmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.