MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2008-ci il 16, 18, 20 və 23 avqust tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyinin qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. O bildirmişdir ki, irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış 40 mindən yuxarı seçici imzası olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2008-ci il avqustun 22-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədləri Komissiyadakı işçi qrupunun ekspertləri tərəfindən yoxlanılmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir. Mərkəzi Seçki Komissiyası İqbal Fehruz oğlu Ağa-zadənin prezident seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.
MSK namizədlikləri özləri tərəfindən irəli sürülmüş Əliyar Qurbanəli oğlu Səfərlinin və Mübariz Tofiq oğlu Allahverdiyevin prezidentliyə namizədliklərini təsdiq etmişdir.
İclasda seçki komissiyasının yekun protokolunun sayı və hazırlanması qaydası barədə məsələyə də baxılmışdır. MSK qərara almışdır ki, 2008-ci il oktyabrın 15-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar, səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Milli Məclis Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
Komissiya səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası barədə məsələyə də baxmışdır. Həmin bildirişlərin mətni və forması təsdiq olunmuş və qərara alınmışdır ki, bildirişlərin sayı 5 000 000 ədəd müəyyən edilərək, Milli Məclis Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.