MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NƏZDİNDƏ YARADILAN MƏTBUAT QRUPUNUN İLK İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də Mərkəzi Seçki Komissiyası nəzdində yaradılan 16 nəfərlik mətbuat qrupunun ilk iclası keçirilmişdir. Qrupda MSK-nın 4 üzvü, 5 televiziyanın, 4 informasiya agentliyinin və 3 qəzetin müxbirləri təmsil olunur.
İclasda MSK-nın üzvü Azər Tağıyev mətbuat qrupunun rəhbəri seçilmişdir.
Bildirilmişdir ki, mətbuat qrupu kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün müəyyən edilmiş qaydalara riayət etmək məqsədi ilə yaradılmışdır. Mətbuat qrupu seçkiqabağı təşviqat zamanı baş verə biləcək qanun pozuntularına dərhal və obyektiv şəkildə münasibət bildirəcəkdir.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkiqabağı təşviqat seçki gününə 28 gün qalmış başlayacaqdır.