MƏŞĞULLUQ STRATEGİYASININ HAZIRLANMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xatırladaq ki, strategiya Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli sosial müdafiə sisteminin inkişafı” layihəsi çərçivəsində hazırlanır. Strategiya məşğulluq sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, qeyrı-neft bölməsinin inkişafına yönəldilən tədbirlərin müəyyənləşdirilməsi, sahibkarlığın, regionların inkişaf etdirilməsi, sosial müdafiə tədbirlərinin genişləndirilməsi və ünvanlılığın təmin edilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması və digər məsələləri əhatə edəcəkdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti iclasda çıxış etmişlər. Bildirilmişdir ki, məşğulluq ən narahatlıq doğuran problemlərdən biridir və onu kəskinləşdirən başlıca amil Ermənistanın Azərbaycana təcavüzüdür. M.Borsotti vurğulamışdır ki, Azərbaycan müharibədən əziyyət çəksə də, iqtisadi baxımdan keçmiş sovet respublikaları arasında ən inkişaf edən dövlətlərdən biridir. Onun uğurları beynəlxalq qurumlar tərəfindən də etiraf olunur və bəyənilir. Məşğulluq problemi birgə səylərlə həll olunmalıdır. Neft sənayesinin güclü inkişafı, özəl bölmə yeni iş yerlərinin açılmasına şərait yaradan amillərdir. Donor təşkilatlar, sərmayəçilər də səylərini əsirgəməməlidirlər. O əmin etmişdir ki, BMT bu problemin həllində Azərbaycan hökumətini tam dəstəkləməyə hazırdır.
Sonra nazirliyin idarə rəisi Vahab Məmmədov məşğulluq strategiyasının hazırlanması ilə bağlı qarşıda duran əsas vəzifələr haqqında məruzə etmiş, beynəlxalq ekspertlər - professorlar Maykl Hopkins, Allan Vebster, Con Lorens və onların həmkarı xanım Cavahir Adam rəy və tövsiyələrini bildirmişlər.
Məşğulluq strategiyasının hazırlanması ilə əlaqədar işçi qrupları yaradılmışdır.