Mətbuat işçiləri dövlətin qayğısını daim hiss edirlər
Göyçay, 22 iyul (AZƏRTAC, Şahnəzər Bəşirov). 22 iyul-Milli Mətbuat Günü münasibətilə Göyçay Rayon İcra Hakimiyyətində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirildi.
AZƏRTAC xəbər verir ki, KİV nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzdülər.
Qəzet, jurnal və informasiya agentliklərinin təmsilçilərinin iştirak etdikləri tədbirdə əlamətdar gün münasibətilə jurnalistlərin ünvanına xoş sözlər deyildi. Milli mətbuatımızın yaranma tarixinə nəzər salan tədbir iştirakçıları bildirdilər ki, əsas məqsədi Azərbaycan cəmiyyətini maarifləndirmək, xalqın milli özünüdərk prosesinə təkan vermək olan “Əkinçi” qəzeti öz fəaliyyəti dövründə milli şüurun formalaşmasında mühüm rol oynayıb.
Qeyd edildi ki, kəşməkəşli inkişaf yolu keçən Azərbaycan mətbuatı ötən əsrin 70-ci illərindən başlayaraq öz üzərində daim ümummilli liderimiz Heydər Əliyevin qayğısını hiss edib. Çünki Ulu Öndər hətta sovet dövrünün ciddi senzura şəraitində belə fikir və söz azadlığının himayədarı olub, mətbuatın ictimai mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına təkan verib.
Bildirildi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mətbuatı özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi və mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunələridir.
Sonda bir qrup jurnalistə fəxri fərman təqdim olundu.