METRONUN “İÇƏRİŞƏHƏR” STANSİYASI PİRAMİDASININ QURAŞDIRILMASINA BAŞLANILACAQDIR
AZƏRTAC xəbər verir ki, tezliklə Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının giriş hissəsində şüşə piramidanın quraşdırılmasına başlanılacaqdır.
Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov bildirmişdir ki, artıq bunun üçün ölkəyə lazımi avadanlıq gətirilmişdir. Piramidanın inşası üçün lazım olan konstruksiyalar Gürcüstandakı hadisələrlə bağlı bir müddət Poti limanında qalsa da, artıq Odessa limanı vasitəsilə Bakıya çatdırılmışdır.
Hündürlüyü 14, oturacaqlarının uzunluğu 42 metr olan piramidanın quraşdırılmasını İsrailin “Qureviç İnternational ltd.” şirkəti həyata keçirəcəkdir. Hazırda ərazidə dəqiqləşmə və geodeziya işləri aparılır. İnşaat işləri üçün lazım olan digər avadanlıq Almaniyadan gətirilmişdir.
Stansiyanın yenidən qurulmasına dövlət büdcəsindən 8 milyon manat vəsait ayrılmışdır. İşlərin noyabrın əvvəllərinədək yekunlaşdırılacağı nəzərdə tutulur.