MƏTYU BRAYZƏ: NABUKKO LAYİHƏSİ DAHA ÇOX GÜC QAZANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə Türkiyənin “Yeni şafak” qəzetinə müsahibəsində Birləşmiş Ştatlar administrasiyasının Nabukko enerji layihəsinə münasibətini açıqlamışdır.
Mətyu Brayzə demişdir ki, bu layihəni ABŞ deyil, avropalı müttəfiqlər irəli sürmüşlər. Vaşinqton isə onu dəstəkləmişdir. Prezidentlər Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadze o zaman enerji layihələrinə dair təşəbbüs qaldıranda da biz onları dəstəkləmişdik. Düşünürəm ki, Nabukko indi daha çox güc qazanmışdır. Rusiya-Gürcüstan münaqişəsi zamanı Batumi və Kulevi terminallarının, Bakı-Supsa kəmərinin fəaliyyəti dayandırıldı. Amma Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə neft və qaz nəqli davam etdi. Çünki, bu layihələr ağıllı şəkildə inşa edilmişdir.
Amerikalı diplomat vurğulamışdır ki, iki gün ərzində sərmayəçilərlə Nabukko layihəsini müzakirə etmişdir. Onların hamısı bu xəttin təcili olaraq həyata keçirilməsini arzu edirlər.