M.F.AXUNDOVUN BÜSTÜ TBİLİSİDƏ ONUN ADINI DAŞIYAN MƏKTƏBİN QARŞISINDA QOYULDU
Xatırladaq ki, bu büst M.F.Axundovun anadan olmasının 170 illiyi münasibətilə 1982-ci ildə Tbilisidə, Leselidze küçəsində qoyulmuş, lakin 90-cı illərin məlum hadisələri zamanı yoxa çıxmışdır.
Azərbaycan səfiri Namiq Əliyev, Tbilisi şəhər bələdiyyəsinin başçısı Gigi Uqulava mərasim iştirakçılarının alqışları altında büstün üzərindən ağ örtüyü götürdülər.
Mərasimi səfir Namiq Əliyev açaraq, Azərbaycanın böyük filosofu, gürcü xalqının dostu M.F.Axundovun ömrünün çox hissəsini yaşayıb-yaratdığı Tbilisi şəhərində büstünün yenidən qoyulmasının dərin rəmzi mənası olduğunu vurğuladı. Səfir toplaşanlara M.F.Axundovun həyat və yaradıcılığı, dövrünün görkəmli gürcü filosofları, mütəfəkkirləri, alimləri ilə dostluğu barədə ətraflı məlumat verdi. O dedi: “Bugünkü tədbir xalqımızın, həmçinin məşhur mütəfəkkirlərimizin təməlini qoyduqları dostluğumuzun sədaqətlə davam etdirildiyini göstərməklə yanaşı, hazırkı və gələcək nəsillərin bu dostluğun qorunub saxlanması, inkişafı yönümündə üzərinə böyük məsuliyyət də qoyur. Mən M.F.Axundovun büstünün yenidən ucaldılmasında əməyi olanların hamısına, Gürcüstan iqtidarına, Tbilisi şəhər bələdiyyəsinə təşəkkür edirəm”.
Tbilisi şəhər bələdiyyəsinin başçısı Gigi Uqulava dedi ki, Azərbaycan xalqının görkəmli oğlu Gürcüstanda doğulmasa da, ömrünün çox hissəsini Tbilisidə keçirmişdir, onu gürcü xalqının ziyalıları ilə səmimi dostluq və yaradıcılıq telləri bağlayırdı. Biz bundan qürur duyuruq. Məmnunuq ki, Mirzə Fətəlinin büstü öz layiqli yerini tapdı. Mer Gürcüstan-Azərbaycan münasibətləri və dostluğunun daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi.
Gürcüstan təhsil və elm nazirinin müavini Bela Tsipuriya, Azərbaycan Təhsil Hazirliyinin nümayəndəsi Mahir Əliyev, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov, şair Osman Əhmədoğlu və başqaları M.F.Axundov işığının yenidən Tbilisidə şölələndiyindən iftixar duyduqlarını, Azərbaycan və Gürcüstanın gənc prezidentlərinin iki dövlət arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində böyük xidmətlərindən məmnun olduqlarını vurğuladılar. Büstün müəllifi Quram Kacaya əsərinin yenidən dünyaya gəlişindən razılığını bildirdi, bu işdə əməyi olanlara təşəkkür etdi. Səfir Namiq Əliyev büstün qoyulduğu yerdə böyük abadlıq işi görən “Kaspian servis” şirkətinin kollektivinə təşəkkürünü bildirdi.
Mərasimdə Gürcüstan hökumətinin, Tbilisi şəhər Məclisinin, Azərbaycan və gürcü ziyalılarının nümayəndələri, Tbilisidəki 73 saylı Azərbaycan orta məktəbinin kollektivi iştirak etmişlər.