Mikrobiologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatların nəticələri beynəlxalq jurnallara təqdim olunub
Bakı, 20 aprel, AZƏRTAC
Mikrobiologiya İnstitutu elmi fəaliyyətini AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 29 mart tarixli sərəncamına, ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərinə müvafiq olaraq davam etdirir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu barədə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov məlumat verib. O bildirib ki, müəssisənin əməkdaşları tərəfindən bu ilin ilk rübündə aparılan tədqiqatların nəticələri əsasında məqalələr hazırlanıb və beynəlxalq bazalara (“Web of Science”, “Scopus” və s.) daxil olan “Biosciences Biotechnology Research Asia”, “International Journal of Plant Biology” və “Asia Life Sciences” və s. jurnallara təqdim edilib.
“European Journal of Microbiology and İmmunology”, “Indonesian Journal of Forestry Research” jurnallarına təqdim edilmiş məqalələr üzərində resenzentlərin rəylərinə müvafiq düzəlişlər edilərək yenidən çapa qəbul olunub”, - deyə Pənah Muradov qeyd edib.
Direktor müavini hazırda magistrantlar üçün dərslik üzərində işlədiyini deyib. O, həmçinin institutun əməkdaşları Fuad Qulubəyov, Könül Baxşəliyeva, Günel Qasımova və Vəfa Həsənova tərəfindən monoqrafiyanın hazırlanması ilə bağlı iş aparıldığını bildirib.
Alim elmi müəssisənin magistrantları üçün tədris proqramına müvafiq olaraq distant dərslər təşkil edildiyini söyləyib. Bildirib ki, institutun doktorant və dissertantları ilə mütəmadi əlaqə saxlanılır. Onlara dissertasiya işlərinin nəzəri tərəfləri ilə bağlı məlumatlar toplanması, aparılan tədqiqatlarının nəticələri əsasında məqalələr hazırlanması tapşırılıb.
P.Muradov institutun nəzdində mikrobiologiya və mikologiya ixtisasları üzrə Dissertasiya Şurası üzvlərinin də öz fəalliyətlərini karantin rejiminin tələblərinə uyğun davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, may ayında müzakirəsi keçirilməsi nəzərdə tutulan dissertasiyaların və avtoreferatların layihələri şura üzvlərinə göndərilib.