Milli Azərbaycan Tarixi Muzeyinin Şəmkir şüşə məmulatları
Bakı, 15 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) pandemiya ilə əlaqədar tətbiq olunmuş rəsmi məhdudiyyətlərə baxmayaraq 100 illik yubileyinə hazırlıq işlərini davam etdirir.
MATM-dan AZƏRTAC-a bildirilib ki, yubiley tədbirlərinin bir qrupunu muzeyin zəngin kolleksiyasında qorunan maddi mədəniyyət nümunələrini ictimaiyyətə tanıtdırmaq təşkil edir. Arxeologiya fondunun müdiri Aida İsmayılova tərəfindən hazırlanan “Muzeyin Şəmkir şüşə məmulatları” adlı material da bu qəbildəndir.
Müəllif qeyd edir ki, Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji qazıntılarından xeyli miqdarda deformasiyaya uğramış qab qırıqları, bəzək əşyaları, istehsal tullantıları, külli miqdarda şüşə məmulatı tapılıb. Dövrün şüşə məmulatındakı standartlıq onun istehsalının bazarın tələbatına yönəldiyinə dəlalət edir. Müsəlman Şərqində şüşə qablardan istifadə geniş yayılmışdı. Bu, həmin qabların praktik baxımından daha əlverişli, gigiyena və estetik baxımdan gözəl olması ilə bağlı idi. Digər bir səbəb isə islam dinində qızıl və gümüş qablardan istifadənin məqbul sayılmaması idi. Bu səbəbləri Azərbaycana da aid etmək olar.
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında şüşə məmulatı çeşidinə və zənginliyinə görə diqqəti cəlb edir.