MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Z.Əsgərov Azərbaycan ilə Tacikistan arasındakı qədim dostluq münasibətlərinin tarixindən danışmış, bu cür səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini vurğulamışdır. O demişdir ki, iyunun 1-də iki ölkənin müdafiə nazirləri arasında imzalanmış müqavilə hərbi sahədə əməkdaşlığımızı daha da genişləndirəcəkdir.
Milli Məclis sədrinin birinci müavini parlamentlərarası əlaqələrin zəif inkişaf etdiyini vurğulamış, bu sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini xüsusi qeyd etmişdir.
Sonra Ziyafət Əsgərov Milli Məclisin işi, rəhbərlik etdiyi komissiyanın Müdafiə Nazirliyi ilə birgə fəaliyyəti, təhlükəsizlik və müdafiə sahələri ilə bağlı qəbul olunmuş qanunlar barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Milli Məclis bu sahə ilə bağlı 60-a yaxın qanun qəbul etmiş, digər qanunların da təkmilləşdirilməsi və yenilərinin hazırlanması istiqamətində işlər davam etdirilir.
Tacikistanın müdafiə naziri general-polkovnik Şirəli Xayrulloyev səmimi qəbul və ətraflı məlumata görə minnətdarlıq etmiş, Azərbaycana səfərinin nəticələrindən razı qaldığını bildirmişdir. O, səfər çərçivəsində Prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyev ilə görüşündən razılığını ifadə etmişdir. Tacikistanlı nazir ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnun qaldığını demişdir.
Şirəli Xayrulloyev parlamentlərarası münasibətlərin də inkişaf etdirilməsinin vacibliyini vurğulamış, səfərindən sonra bu sahədə də dönüş olacağına inandığını bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.