MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin sədri Murtuz Ələsgərov aprelin 14-də Avropa Şurası Parlament Assambleyası Siyasi Məsələlər Komitəsinin məruzəçisi Terri Devis ilə görüşmüşdür.
Qonağı səmimi salamlayan parlamentin sədri demişdir ki, Avropa Şurasında nüfuzu və obyektivliyi ilə tanınan cənab Terri Devisin Azərbaycana və bölgəyə səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məruzə hazırlanacağına ümid yaradır. T.Devisin artıq Azərbaycanda keçirdiyi və keçirəcəyi görüşlər barədə məlumata malik olduğunu vurğulayan Milli Məclisin sədri, özünün mart ayında Böyük Britaniyaya etdiyi səfərə və AŞPA ilə Azərbaycanın əməkdaşlığına da toxunmuşdur. Qeyd etmişdir ki, Böyük Britaniyada keçirdiyi görüşlərdə ingiltərəli deputatlar və diplomatlar da Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllinə tərəfdar olmalarını bildirmişlər. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar, o cümlədən ATƏT hələ də təcavüzkara qarşı qəti mövqeyini açıqlamamışdır. Eləcə də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirilməmişdir. Avropa Şurası isə artıq Ermənistanın təcavüzkar bir dövlət olduğunu bəyan etmişdir.
Parlamentin sədri bildirmişdir ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra əlaqələrimiz möhkəmlənmişdir. Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış bir neçə sənəd avropalı deputatlar tərəfindən müsbət qarşılanmışdır.
Spiker AŞPA deputatlarına İlham Əliyevi bu qurumun sədr müavini və Büro üzvü seçdiklərinə görə minnətdarlıq etmişdir.
Daha sonra Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən ətraflı danışaraq demişdir ki, “Böyük Ermənistan” yaratmaq istəyən ermənilər bu sərsəm ideyalarını Türkiyə və Azərbaycan torpaqlarını işğal etmək hesabına həyata keçirməyə çalışırlar. Azərbaycan isə həmişə olduğu kimi, yenə də ərazilərini sülh yolu ilə qaytarmaq istəyir. Bununla belə, artıq bütün xalqın, ağır şəraitdə yaşayan qaçqınların səbri tükənmişdir. Güclü ordusu olan Azərbaycan öz torpaqlarını silah gücü ilə geri ala bilər. Ancaq Azərbaycan Prezidenti Heydər Əliyevin dediyi kimi, münaqişənin sülh yolu ilə həlli imkanları hələ tükənməyib və ölkəmiz problemin dinc vasitələrlə aradan qaldırılmasının tərəfdarıdır.
Səmimi görüş üçün təşəkkürünü bildirən Terri Devis Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətindən razı qaldığını bildirmiş və bu qurumun sədrinin müavini və Büro üzvü İlham Əliyevin rolunu yüksək qiymətləndirmişdir. Qonaq daha sonra demişdir ki, münaqişə ilə bağlı Azərbaycanın nümayəndə heyətindən, oxuduğu materiallardan və keçirdiyi görüşlərdən bəzi məlumatlar əldə etsə də, səfər çərçivəsində daha dəqiq və geniş məlumatlara malik olmaq niyyətindədir.
Terri Devis hazırlayacağı məruzənin tam obyektiv və qərəzsiz olacağını da diqqətə çatdırmışdır.