Milli Məclisdə qanvermə aksiyası keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Parlamentin aprelin 17-də keçirilən iclasında Milli Məclisin Sədri Sahibə Qafarova bildirmişdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis də qoşulub. Sədr demişdir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları könüllü qan verə bilərlər”.
AZƏRTAC xəbər verir ki, irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə aprelin 18-də Milli Məclisin Sədri Sahibə Qafarova başda olmaqla deputatlar və Aparatın əməkdaşları, İşlər İdarəsinin işçiləri parlamentdə bu məqsədlə ayrılmış yerdə qan veriblər. Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.
Aksiyada iştirak edən KİV nümayəndələri də prosesi işıqlandırmaqla yanaşı, Milli Məclis Sədrinin çağırışına qoşularaq parlament işçiləri ilə birgə qan veriblər.